Braziliya millisinin əfsanəvi müdafiəçisi Roberto Karlos (Roberto Carlos) "İnter"də oynadığı dönəmi yad edib.
Fanat. Az "Marca" nəşrinə istinadən xəbər verir ki, veteran futbolçu həmin vaxtlar klubun baş məşqçi olan Roy Hocsonla (Roy Hodgson) münasibətindən danışıb.
"O, məni millinin üzvü olmaqdan məhrum edirdi. Hocson məni məhv edirdi. Müdafiəçi olduğum halda məni yarımmüdafiədə oynadırdı. Buna görə Braziliya millisinə düşmək şansım azalırdı. Məsələ bizim aramızdakı münasibətin pis olması deyildi, problem onda idi ki, onun futboldan anlayışı yox idi. 1996-cı ildə "İnter" UEFA Kubokunun finalında Hocsona görə məğlub oldu.
Bir dəfə mənə dedi ki, sən futbolda sol cinah müdafiəçisi olaraq heç bir uğur qazanmayacaqsan. Mən isə ona "Sənin futboldan anlayışın yoxdur" - deyə cavab verdim.
Xatırladaq ki, Roberto Karlos sol cinah müdafiəçisi olaraq "Qızıl Ayaq" da daxil olmaqla 13 mükafat qazanıb.
Emin Şəmsiyev