
Millimizin futbolçusu Mahir Emrelinin Zaqreb "Dinamo"suna keçidi rəsmiləşib.
Azərbaycanın tanınmış futbol mütəxəssisi Vəli Qasımov Fanat.Az-a açıqlamasında 24 yaşlı hücumçunun Xorvatiya klubuna keçidini dəyərləndirib:
"Futbolçu olaraq ölkə xaricində yaşamağın nə qədər çətin olduğunu gördük. Mahir "Legiya"da yaxşı başlamışdı. Azarkeşlərin də rəğbətini qazanmışdı. Öz işini görürdü, qollar vururdu. Amma klub yerli çempionatda öz yerini tapa bilmədi. "Legiya" fanatlarını hardasa başa düşürəm, sevdikləri komanda autsayderlər sırasında qərarlaşıb. Bu durum onlarda gərginlik yaradır və öz davranışlarına cavabdeh ola bilmirlər.
Mahir Emreliyə yeni klubunda uğurlar arzu edirəm. "Dinamo Zaqreb"də hücumçular arasında olan rəqabət peşəkar futbolçu üçün elə də böyük əhəmiyyət kəsb etməməlidir. Hər futbolçunun bacarığı keçirilən məşqlərdə aşkar görünəcək. Kim məşqlərə daha ciddi yanaşıb özünün keyfiyyətlərini ortaya çıxarsa, o da əsas heyətdə yer alacaq. Mahirin potensialı var. Məşqlərinə ciddi yanaşsa, bu barədə onun heç bir problemi olmayacaq. Mahiri futbolçu olaraq hamımız tanıyırıq. Onun nəyə qadir olduğunu da bilirik. Amma bir neçə detal onu axsadır. Yenə də qeyd edirəm, fikrini cəmləyib məşqlərə ciddi yanaşsa, onda hər şey alınacaq.
Polşa və Xorvatiyada futbol mentaliteti elə də çox fərqlənmir. Hər ikisi təfəkkür baxımından Avropaya yaxın olan ölkələrdir. Məsələn, bizdə azarkeşlərin komandanın məşqlərini izləməsi qəbul olunmasa da, Avropada belə deyil. Komandaların məşqinə təxminən 1000 nəfər adam gəlir. Odur ki, fanatlar hər bir futbolçunun nə ilə məşğul olduğunu görür. Biri var məşqləri izləmədən kimin yaxşı və ya pis oynadığına qərar verəsən, biri də var məşqlərdə hansı futbolçunun nəyə qadir olduğuna şəxsən şahidlik edəsən. Məşq zamanı heç nəyi gizlətmək olmur".
Qeyd edək ki, ötən gün “Legiya” (Varşava) 24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bunun ardınca Emreli Zaqreb təmsilçisi ilə 4,5 illik sözləşməyə imza atıb.
Emin Şəmsiyev