Naxçıvanda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün yarışda beşinci turun matçları keçirilib. Liderlər qrupunda qərarlaşan şahmatçıların duelində Vasif Durarbəyli qara fiqurlarla Əhməd Əhmədzadədən, Murad İbrahimli isə Nicat Məmmədovdan üstün olub. Aydın Süleymanlı isə Pərviz Qasımovla "sülh bağlayıb".
Misrətdin İsgəndərov ağ fiqurlarla İsmayıl Şahəliyevi, Eltac Səfərli Fərid Abbasovu yenib.
Bu nəticələrdən sonra turnir cədvəlində "ikihakimiyyətlik" yaranıb. Belə ki, hərəyə 4 xalı olan Vasif Durarbəyli və Murad İbrahimli 1-2-ci yerləri bölüşürlər.
Aydın Süleymanlı, Misrətdin İsgəndərov və Pərviz Qasımov 3,5 xal hasil edə biliblər.
Qeyd edək ki, 24 şahmatçının qatıldığı Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Yarışda ilk 4 yeri tutanlar mart ayında Sloveniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.