Karate millimizin əslən Ukraynadan olan üzvü İrina Zaretska Azərbaycanı seçməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ikiqat dünya və Avropa çempionu bu barədə şəxsi "Instagram" səhifəsində paylaşım edib.
Zaretska 7 il əvvəl Ukrayna Karate Federasiyasından ona dəstək olmadığı üçün bu addımı atdığını bildirib: "Təəssüf ki, müxtəlif səbəblərdən rədd edildim. Bundan sonra ya karate ilə vidalaşmalı, ya da başqa federasiyadan gələn təklifi qəbul etməli və karyeramı həmin ölkədə qurmalı idim. Əlbəttə, o zaman mənim bir fikrim var idi: çıxış etmək, qələbə qazanmaq, ən yaxşıların yaxşısı olmaq istəyirəm! Tale indi mənə bunu gerçəkləşdirmək şansını verirsə, bundan mütləq istifadə edəcəyəm"!
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu qərarı verərkən təzyiqlə üzləşəcəyini proqnozlaşdırdığını söyləyib: "Çünki burada mən artıq yadam və oraya aid deyiləm. Amma bunların hamısı 2-ci planda idi. Çünki əsas məsələ hədəfim və irəliyə can atmağım idi!".
Karateçi qeyd edib ki, onu başqaları ilə müqayisə etməyə dəyməz: "Çünki onların heç biri mənim yerimdə deyildi. Məndə real təklif və imkanlar var idi. İndi bütün nailiyyətlərimə görə Azərbaycana çox minnətdaram! Mən burada mükəmməl karyera qura və Azərbaycanı maksimum dərəcədə təmsil edə bildim. Gələcəkdə də bunu layiqincə edəcəyəm".