Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Ayşən Abduləzimova "Vaşaş" klubunun heyətində Macarıstan çempionu olub.
Fanat.Az xəbər verir ki, 29 yaşlı idmançının komandası finalda "Bekeşçaba"nı 5 oyunluq mübarizənin yekununda məğlubiyyətə uğratmağı bacarıb.
İlk 4 qarşılaşmada tərəflər hərəyə 2 dəfə qalib olmuşdularsa, səfərdə keçirilən həlledici görüşdə "Vaşaş" rəqibinə heç bir şans verməyib - 3:0 (25:20, 25:17, 25:15). Ayşən komandasına 9 xal qazandırıb.
Beləliklə, Abduləzimova "Vaşaş"ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanıb.