
FIFA Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan Ekvadoru yarışdan uzaqlaşdıracaq.
Fanat.Az xəbər verir ki, Meksika televiziyası "Azteca Deportes" ötən gecə bu barədə məlumat yayıb.
Telekanal Çili Futbol Federasiyasının vəkilinə istinadən FİFA-nın Ekvadorun builki dünya çempionatından qovulması barədə qərar verdiyini açıqlayıb. Problem ekvadorlu futbolçulardan birinin, konkret, Bayron Kastiliyonun saxta pasportla oynamasından qaynaqlanır. Yekun qərarın cümə günü açıqlanacağı bildirilir.
Əslində, CONMEBOL-da hələ ötən il noyabrın 17-də baş tutan Çili - Ekvador (0:2) oyunundan sonra bu barədə məlumat yayılmışdı. Çili tərəfinin bununla bağlı FIFA-ya şikayət ünvanladığı açıqlanmışdı. Çili Futbol Federasiyasının vəkili Eduardo Karlotsio sənədləri mətbuata təqdim edib. İddiaya görə, əslən kolumbiyalı olan hücumçu Bayron Kastiliyo Ekvadorun mülki orqanlarının və futbol federasiyasının köməyi ilə bütün sənədləri saxtalaşdırıb. Futbolçunun barmaq izlərinin ümumiyyətlə Ekvador reyestrində olmadığı iddia edilir.
"Azteca Deportes" FIFA-nın artıq praktiki olaraq qərar qəbul etdiyini və Ekvadorun mundialdan kənarlaşdırılaraq onun keçirdiyi görüşlər üçün rəqiblərinə 3:0 hesablı texniki qələbə verəcəyini açıqlayıb.
Mirağa