
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün "Qaziantep"lə keçirdikləri (0:0) yoxlama oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 47 yaşlı mütəxəssis hazırlıqla bağlı bunları deyib:
"Bizim üçün yaxşı oyun oldu. Amma qol vura bilmədik. Qol problemini aradan qaldırmağa çalışırıq. Futbolçularla bu yöndə söhbətlər edirik. Mənim üçün komanda oyunu önəmlidir. Bunun üçün də bizə vaxt lazımdır.
Burada topla o qədər də çox işləyə bilmədik. Əsas tapşırıq komandanı hazırlaşdırmaqdan ibarət idi. Oyunçuların bəziləri bizə gec qoşulmuşdu. 3 yoxlama qarşılaşmasından sonra komandada zədəli futbolçunun olmaması yaxşı haldır. Hazırlıq prosesini zədəsiz başa vurduq.
Ümumilikdə, hazırlıq prosesindən razı qaldım. Komandanı Konfrans Liqasındakı oyuna hazırlaşdırmaq üçün bir həftəmiz var.
Yeni transferlərə gəlincə, onları hələlik tam hazır görmürəm. Amma bilirəm ki, hər biri keyfiyyətli oyunçudur. Tam formalarını bərpa etdikdən sonra komandaya köməkləri dəyəcək".
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr "Aris"i ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.