Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqa turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sentyabrın 4-də keçiriləcək həlledici döyüşlərə vəsiqə qazanıblar.
Zaretska finalın bir addımlığında Nisrin Bruka (Mərakeş) 3:0, Qurbanlı isə Qoqita Arkanianı (Gürcüstan) 5:1 hesabı ilə məğlub edib.
İrina finalda Silvia Semeraro (İtaliya) ilə, Asiman Qurbanlı isə Taha Mahmudla (Misir) qarşılaşacaq.
1/4 finalda Asiman Qurbanlıya uduzmuş Murad Hacızadə (+84) bürünc medal üçün təsəlliverici görüşdə Qoqita Arkania ilə qarşılaşacaq. Həmçinin, yarımfinalda Yussef Bədəviyə (Misir) 0:6 hesabı ilə uduzmuş Turqut Həsənov (84 kq) bürünc medal üçün döyüşəcək.
Bu gün mübarizəyə qatılmış Roman Heydərov (kata), Pənah Abdullayev, Ayxan Mamayev (hər ikisi 84 kq) və Ayla Rzazadə (61 kq) medalsız qalıblar.
Qeyd edək ki, daha əvvəl finala yüksəlmiş Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) həlledici görüşlərə sentyabrın 4-də çıxacaqlar. Eyni gündə Turqut Həsənov (84) bürünc medal, Tural Ağalarzadə (66 kq) ilə Murad Hacızadə (+84 kq) təsəlliverici görüşdə iştirak edəcək.