Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionu təsəlliverici görüşdə Qazaxıstan təmsilçisi Dias Kalenlə qarşılaşıb. Rəqibinə 1 dəqiqə 50 saniyəyə "tuşe" ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşdə Macarıstandan olan Tamaş Levai ilə üz-üzə gələcək.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda həlledici duelə çıxacaq. Taleh ermənistanlı Hraçya Poğosyanla, Həsrət türkiyəli Murat Fıratla, Arif isə İtaliyanı təmsil edən Nikoloz Kaxelaşvili ilə güləşəcək.
Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.