Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir k, 67 kiloqram çəki dərəcəsində yer alan Həsrət Cəfərov üçüncü yer uğrunda görüşdə türkiyəli Murat Fıratla üz-üzə gəlib. Rəqibinə 8:2 hesabıyla qalib gələn 19 yaşlı idmançı mundialın bürünc mükafatına sahib çıxıb.
Bu, Azərbaycan yunan-Roma güləşçilərinin dünya çempionatında qazandığı dördüncü medal olub. Daha əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq) bürünc mükafata yiyələnib.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda həlledici duelə çıxacaq. Rafiq Tamaş Levai (Macarıstan) ilə, Arif isə İtaliyanı təmsil edən Nikoloz Kakelaşvili ilə üz-üzə gələcək.