Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında zədələnib.
Fanat.Az xəbər verir ki, 53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Xulan Batxuyaq (Monqolustan) ilə görüşdə 1:4 hesabıyla geridə olarkən qolundan xəsarət alıb. Qurbanova qarşılaşmaya davam edə bilmədiyi üçün rəqib növbəti mərhələyə yüksəlib.
Güləşçimiz 1/8 finalda Yuliya Leorda (Moldova) qalib gəlmişdi.
Digər qadın güləşçi 65 kq çəkidə çıxış edən Elis Manolova 1/4 finala təsadüf edən ilk görüşündə Jia Lonqa (Çin) yenilib.
Qeyd edək ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək. Daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.