Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan ölkələrin sayı 85-ə çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb.
İdmançılarımızın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olub. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.
İlk "üçlük"də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıb.
Hələlik 85 ölkə mükafat əldə edə bilib.