Britaniyanın atletika ulduzu Məhəmməd Farah İngiltərə paytaxtında keçirilən "Vitality London" yarışında 10 min metr məsafəyə qaçışda sürpriz şəkildə uduzub.
Fanat.Az xəbər verir ki, 39 yaşlı idmançı çox üzülərək karyerasını bitirmək qərarına gəlib.
London və Rio-de-Janeyroda keçirilən Olimpiadalarda 5 min və 10 min metr məsafələrə qaçışda ümumilikdə 4 qızıl medal qazanan ikiqat olimpiya çempionu tanınmayan britaniyalı idmançı Ellis Krossa 4 saniyə fərqlə uduzub.
Tokio Olimpiadasına da vəsiqə qazana bilməyən Farah bu barədə açıqlama verib:
"Deyəsən, mənim üçün ən böyük yarışlarda karyeramın sonunun gəldiyi faktı ilə razılaşmağın vaxtı çatıb. Sizinlə tam səmimi olmağa çalışıram və düşünürəm ki, bu qədər kifayətdir. Səy göstərirəm, ancaq orqanizm buna hazır olmalıdır. Daha gənc deyiləm və formada qalmaq çox əziyyətlidir".
Farah əlavə edib ki, builki Birlik Oyunlarında və Avropa çempionatında mümkün iştirakının üstündən hələ ki, xətt çəkməyib. Lakin iyulda keçiriləcək dünya çempionatında çıxış etməyəcəyi dəqiqdir.
Mirağa