Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa Kuboku turnirində beşinci turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu tur çərçivəsində Fransanın "Asnieres" kollektivi ilə üz-üzə gəlib. Görüş komandamızın 5,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.
Şəhriyar Məmmədyarovun heyətində yer aldığı Şimali Makedoniyanın "Alkaloid" komandası Norveç təmsilçisi "Offerspill" üzərində böyükhesablı qələbə qazanıb - 5,5:0,5. Yeganə heç-heçə qrossmeysterimizlə dünya çempionu Maqnus Karlsenin görüşündə qeydə alınıb.
Nicat Abbasovlu "Silla" (İspaniya) isə İsrailin "Beer Şeva" klubunu 4:2 üstələyib. Zəka sahibimiz Mixael Roizlə xalı bölüb.
Qələbə sayəsində "Vüqar Həşimov" 5 pillə irəliləyərək 8-ci sıraya yüksəlib. Komandamızın aktivində 7 xal var. 9 xala sahib "Silla" üçüncü, "Alkaloid" 8 xalla dördüncüdür. Sıralamaya əvvəlki kimi Rusiyanın "Mednıy Vsadnik" klubu başçılıq edir.
Xatırladaq ki, ilk iki turda müvafiq olaraq İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz sonrakı görüşündə "Beer Şeva"ya uduzub. Dördüncü turda isə kollektivimiz "Silla" ilə "sülh bağlayıb".
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 24-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 44 min avrodur.
Klublararası Avropa Kuboku
V tur
"Vüqar Həşimov" (Azərbaycan) - "Asnieres" (Fransa) 5,5:0,5
Rauf Məmmədov - Matye Kornett 1:0
Kiril Şevçenko - Aleksandr Delçev 1:0
Aydın Süleymanlı - Anatol Vayser 0,5:0,5
Ülvi Sadıqov - Pyer Olivye 1:0
Əhməd Əhmədzadə - Mark Kirzenberq 1:0
Murad İbrahimli - Jan Klod Moin 1:0