Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva onlayn Avropa birinciliyinin qalibi olub.
Fanat.Az xəbər verir ki, 16 yaşlı qızlar arasında yarışan zəka sahibimiz son - IX turda qara fiqurlarla rusiyalı Marqarita Zverevanı yenib. Qələbə sayəsində xalını 7,5-ə çatdıran Ayan bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına sahib çıxıb.
Bu, Azərbaycan şahmatçılarının yarışda ikinci çempionluğu olub. Xatırladaq ki, 18 yaşlı oğlanların mübarizəsindəki təmsilçimiz Uğur İlyaslı hələ ötən turun nəticələrindən sonra birinciliyi təmin etmişdi.
18 yaşlı qızların turnirində çıxış edən Mələk İsmayıl 7 xal toplayıb və yalnız əlavə göstəricilərə görə rusiyalı Viktoriya Loskutovadan geri qalaraq ikinci yeri tutub.
10 yaşlı qızlarda isə Səadət Bəşirli 6,5 xalla ilk "3-lüy"ü qapayıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən qitə birinciliyində ölkəmizin 44 şahmatçısı mübarizə aparıb.