
Fransanı təmsil edən Alireza Firuzca 2800 reytinq xalını keçən ən gənc şahmatçı kimi tarixə düşüb.
Fanat.Az xəbər verir ki, İran əsilli qrossmeyster buna Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatının sonuncu - IX turunda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu məğlub etməklə nail olub.
Firuzca sözügedən hədəfə 18 yaş 5 ay 13 günlüyündə çatıb. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen isə bunu 18 yaş 11 ay 2 günündə olarkən bacarmışdı.
Qeyd edək ki, IX turda Azərbaycan millisini 2,5:1,5 hesabı ilə məğlub edən Fransa kollektivi xalını 14-ə yüksəldib və çempion Ukraynadan yalnız əlavə göstəricilərə görə geri qalaraq gümüş medala sahib çıxıb. Komandamızda yeganə məğlubiyyət məhz Məmmədyarovun passivinə yazılıb. Nəticədə yığmamız yarış ərzində liderlər qrupunda qərarlaşsa da, sonda 5-ci yerlə kifayətlənməli olub.