Rusiyalı şahmatçı Daniil Dubov Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Masters" turnirindən kənarlaşdırılıb.
Fanat.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna 26 yaşlı qrossmeysterin koronavirus testinin müsbət nəticələnməsi səbəb olub.
10 turdan sonra Dubov 3,5 xalla 12-ci yerdə gedir. Onun indiyədək keçirdiyi görüşlərin nəticələri qüvvədə qalacaq, qalan 3 qarşılaşmada isə məğlubiyyət veriləcək.
Beləliklə, növbəti turlarda, uyğun olaraq, macarıstanlı Rixard Rapport, hindistanlı Rameşbabu Praqnanandxa və norveçli dünya çempionu Maqnus Karlsen Dubovun diskvalifikasiyasına görə texniki qələbə qazanmaqla aktivlərinə əlavə 1 xal yazacaqlar.
Xatırladaq ki, turnirdə iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Dubovla hələ ilk turda üz-üzə gəlib və heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, "Tata Steel Masters"də sona 3 tur qalmış Maqnus Karlsen 7 xalla ilk pillədə qərarlaşıb. Yerli şahmatçı Aniş Giri 6,5 xalla 2-ci yerdə gedir. Şəhriyar Məmmədyarov və Rixard Rapport isə hərəyə 6 xalla 3-4-cü yerləri bölüşür.