
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümünün ilk yarışı olan "Airthings Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, 16 şahmatçının mübarizə apardığı onlayn yarışın 2-ci günündə ilkin mərhələ çərçivəsində daha 4 tur oynanılıb. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov partiyalarından yalnız birini qələbə ilə başa vura bilib. 36 yaşlı qrossmeyster günün ikinci oyununda hindistanlı Rameşbabu Praqnanandhanı yenib.
ABŞ təmsilçisi Hans Niemann ilə "sülh bağlayan" Məmmədyarov Le Quanq Liem (Vyetnam) və Erik Hansenlə (Kanada) görüşlərdə məğlubiyyətlə üzləşib.
Bu nəticələrdən sonra Məmmədyarov 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Lider 19 xal hasil edən rusiyalı Yan Nepomnyaşidir.
Xatırladaq ki, qələbəyə görə şahmatçılara 3, heç-heçəyə görə isə 1 xal verilir.
Qeyd edək ki, dörd gün davam edəcək ilkin mərhələdə dairəvi sistem üzrə 15 tur oynanılacaq və ilk "8-lik" pley-offa yüksələcək. Yarışa fevralın 26-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.
"Airthings Masters"
V tur: Hans Niemann (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
VI tur: Şəhriyar Məmmədyarov - Rameşbabu Praqnanandha (Hindistan) 1:0
VII tur: Le Quanq Liem (Vyetnam) - Şəhriyar Məmmədyarov 1:0
VIII tur: Şəhriyar Məmmədyarov - Erik Hansen (Kanada) 0:1