Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə aprelin 30-da Formula 1 Azərbaycan qran-prisinin əsas mərhələsindən öncə yarışın baş tutduğu Bakı şəhər trekində veloyürüş keçirilib.
Fanat.Az xəbər verir ki, veloyürüşdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, tanınmış qazaxıstanlı olimpiya çempionu, veteran velosipedçi Aleksandr Vinokurov, Azərbaycan milli yığma komandasının, həmçinin MSN-in Velosiped İdman Klubunun üzvləri, o cümlədən AVF-nin və MSN-in əməkdaşları iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılar Bakı şəhər treki ilə hərəkətə başlayıblar. Onlar trekdə 2 dövrə vuraraq başlanğıc yerində yürüşü tamamlayıblar.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Artıq 7-ci dəfədir Formula 1 üzrə dünya çempionatının mərhələ yarışının Azərbaycanda təşkil olunması ölkəmizdə idmanın yüksək səviyyədə inkişafının göstəricisidir.
Qeyd edək ki, bu il Bakı Formula 1 üzrə dünya çempionatının 4-cü mərhələsinə ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.