"Voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm. Hazırda Serbiyadayam və yavaş-yavaş fiziki məşqlərə başlayıram".
Fanat.Az xəbər verir ki, bu fikirlər Azərbaycan voleybol millisinin üzvü Yelizaveta Krnetaya məxsusdur.
Analıq məzuniyyətinə çıxan Krneta komanda yoldaşlarının bütün çətinliklərə baxmayaraq Avropa çempionatında sona qədər mübarizə aparmalı olduğunu qeyd edib: "Avqustun 20-də komandamız çempionatın ilk matçına çıxacaq. İki qat sevincliyəm çünki, Azərbaycan millisi qrup oyunlarını Serbiyanın paytaxtı Belqrad şəhərində oynayacaq. Çalışacam komandamın bütün oyunlarını arenadan izləyim və onlara dəstək olum".
Demək olar hər gün komanda yoldaşlarımla danışırdım. Millimiz Avropa çempionatına iki ay hazırlıq mərhələsi keçib və yoxlama oyunları oynayıb. Fikrimcə, hər bir komandada müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən komandanı dəstəkləyən insanlar onlardan yalnız gözəl oyun və qələbə gözləyir. Düzdür, bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparır. Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər bir komanda güclüdür. Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar.
Komandamıza uğurlar arzu edirəm. İnanıram ki, onlar yaxşı çıxış edəcəklər".
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ilk oyununu avqustun 20-də Belçika komandasına qarşı keçirəcək. Yığmamızın qrupdakı digər rəqibləri Bosniya və Herseqovina, Rusiya, Fransa və Serbiyadır.
Sahib Əsədbəyli