Qadın voleybolçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, ilk yarımfinal görüşündə Serbiya və Türkiyə yığmaları üz-üzə gəlib.
"Ay-ulduzlular" yarışdakı yeddi oyunluq məğlubiyyətsizlik seriyasının ardını gətirə bilməyib. Belqradda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk seti "sultanlar" 34:32 aktivinə yazsa da, son dünya və Avropa çempionu olan serbiyalılar növbəti hissələrdə 28:26, 25:23, 25:13 üstün olublar.
Beləliklə, 2019-cu ildə keçirilən Avropa çempionatının Ankarada baş tutan final matçında serb həmkarlarına uduzan türkiyəli xanımların revanş arzusu baş tutmayıb.
Digər finalçı isə Niderlandı 3:1 hesabı ilə yenən İtaliya olub (25:19, 25:17, 16:25, 25:18).
Bürünc medal uğrunda görüş bu gün Bakı vaxtı ilə 19:00-da, final qarşılaşması 22:00-da start götürəcək.
Xatırladaq ki, Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın ev sahibliyi etdiyi sayca 32-ci Avropa çempionatında Azərbaycan yığması da iştirak edib. A qrupunda yer alan millimiz Belçika, Bosniya və Herseqovina, Rusiya, Serbiya və Fransa yığmalarına uduzaraq qrupu sonuncu pillədə başa vurub.
Sahib Əsədbəyli