Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona"ya qalib gələn (4:1) PSJ-nin heyətində Kilian Mbappe dubla imza atıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransız forvard Avropanın ən nüfuzlu klub turnirində vurduğu qolların sayını 48-ə çatdırıb.
Bu, ona turnirin ən yaxşı 10 bombardiri sırasına daxil olmağa imkan verib.
O, Zlatan İbrahimoviç və Andrey Şevçenko ilə birlikdə Çempionlar Liqasının bombardiri reytinqində 10-cu yeri bölüşür. Onların da hesabında 48 qol var. Lider isə Kriştianu Ronaldudur. Portuqaliyalının Çempionlar Liqasında 140 qolu var.
Xatırladaq ki, PSJ “Barselona”nı ümumi hesabda 6:4 hesabı ilə məğlub edib. Yarımfinalda parislilər Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.