Birinci Liqanın debütantı "Araz Saatlı" ilk 3 oyununda aldığı ağır məğlubiyyətlərlə azarkeşlərinin tənqid hədəfinə çevrilib. Klubun sosial şəbəkə hesablarına AFFA-nın ayırmış olduğu 300 min manat vəsaitin necə xərcləndiyi ilə bağlı suallar ünvanlanıb. "Pambıqçılar"ın mətbuat xidməti ilə əlaqə saxlayıb məsələylə bağlı fikirlərini öyrəndik.
Klubun mətbuat xidmətinin rəhbəri Kamal Rza Fanat.Az-a bunları dedi:
"Sosial şəbəkələrdə yazılan fikirləri anlayıram. Ardıcıl 3 məğlubiyyət və komandanın qol vurmaması maddi məsələlərin qabarmasına təkan vermiş olur. Biz klubu 5 illik plana əsasən inkişaf etdirməyi düşünürük. Pulun xərclənməsinə AFFA tərəfindən nəzarət edilir. Heç bir yerə bir manat da əlavə xərcləmək mümkün deyil. AFFA-dan gələn pul komandanın məşqçi korpusuna, inzibati heyətə, komandanın yerləşməsinə və oyunçuların qidalanmasına xərclənir. Bu məsələlər tam şəffafdır. Klub olaraq istənilən azarkeşə hesabatları təqdim edə bilərik. Hər kəs 300 min məbləğin adını eşidən kimi deyir ki, bu pullar hara gedir. Bu məbləğ bir ildə aylara bölünərək verilir. Aylara bölünəndə isə çox cüzi rəqəm ortaya çıxır. Təkrar qeyd edirəm ki, bütün maddi məsələlərə ciddi nəzarət edilir".
Nahid Məmmədov