Bu mövsüm Premyer Liqaya inamlı start verən "Səbail"in son oyunlarda eniş yaşamasının səbəbi itkilərlə bağlıdır. Bakı klubu kapitanı Ağabala Ramazanovla əsas müdafiəçilərindən olan Cabir Əmirlini uzun müddətə itirib. Bundan başqa, bir müddət eyni səbəbdən komandaya kömək edə bilməyən bombardir Aleksandr Ramalinqomla müdafiəçi Vüqar Həsənov sıraya yeni dönüblər.
Bu azmış kimi, "Səbail" daha bir ciddi itki ilə üzləşib. Ötən həftə məşqdə xəsarət alan və "Araz-Naxçıvan"la görüşdə oynamayan Süleyman Əhmədovun zədəsinin ciddi olduğu müəyyənləşib.
Bu haqda Fanat.Az-a klubun mətbuat sözçüsü Rəşad Məmmədov məlumat verib.
O, yarımmüdafiəçinin bu gün Türkiyədə əməliyyat olunacağını deyib: "Süleyman məşqdə zədələnmişdi. "Araz-Naxçıvan"la oyunda buna görə yox idi. O, bu gün İstanbulda "Acıbadem" xəstəxanasında əməliyyat olunacaq. Futbolçumuz azı 2 ay yaşıl meydanda olmayacaq".
Qeyd edək ki, Süleyman Əhmədov ötən yayda "Sumqayıt"dan "Səbail"ə transfer olunub.
Mirağa