Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubundan ayrılıb. Ötən mövsüm sözügedən komanda ilə Türkiyə Qadınlar Superliqasında çempion olan həmyerlimizin qəfil gedişi sual doğurub.
Əsgərov Fanat.Az-a açıqlamasında istefasına aydınlıq gətirib:
"Bəribaşdan deyim ki, klubdan öz istəyimlə ayrıldım. Son oyundan sonra qərarımı vermişdim. Klub rəsmilərinə demişdim ki, paltardəyişmə otağında qərarımı açıqlayıb futbolçularla halallaşacağam. Ancaq onlar buna imkan yaratmadılar, məni paltardəyişmə otağına buraxmadılar. Hesab edirdilər ki, isti başla qərar vermişəm və məni fikrimdən döndərə biləcəklər. Ancaq qərarımda qəti idim. Son iki məğlubiyyət işlərin yolunda getməməsindən xəbər verirdi. Komandada dəyişikliyə ehtiyac var idi. Dünən rəhbərliklə yenidən bir araya gəldik və fikrimi onlara çatdırdım. Dost kimi ayrılmaq istədiyimi çatdırdım və belədə, müqaviləmə qarşılıqlı razılıq əsasında xitam verildi.
Türkiyədə fasilə yarandı, klublar qış fasiləsinə yollandılar. "Formget"dən istefam ötən gecə rəsmiləşib. Yəni hələ hansısa təklifdən danışmaq tezdir. Amma təkliflərə açığam. Azərbaycan millisində çalışmağa davam edirəm. Həmişə bildirmişəm ki, milli mənim üçün prioritetdir".
Mirağa