AFFA İcraiyyə Komitəsinin növbəti iclasında birinin legioner limitinin artırılacağı ehtimal olunur. Artıq bu yöndə ictimaiyyətdə geniş müzakirə gedir. Kimisi yeni təklif olunan (8+3), kimisi də köhnə (7+4) variantı məqbul sayır.
Fanat.Az mümkün dəyişikliklə bağlı yığmamızın sabiq futbolçusu, tanınmış futbol mütəxəssisi Bəxtiyar Musayevlə əlaqə saxlayıb.
Onun açıqlaması belə oldu:
"Legioner limiti ilə bağlı qəti fikir bildirmək doğru olmur. Çünki yaxşı futbolçu limitsiz şəraitdə də yetişə bilər. Belədə rəqabət güclü olur. Klublar legioner limitinin artırılmasının tərəfdarıdır. Buna əsas kimi yerli oyunçu qıtlığını göstərirlər.
Nəzər yetirsək, klubların etdiyi transferlər nə dərəcədə effektivdir? Bir-iki klubu çıxmaq şərti ilə digərləri legioner transferində yanlışlığa yol verirlər. Ona görə legioner limitinin çox olması klublarımızın keyfiyyətinin yüksək olması mənasına gəlmir. Keyfiyyətin yüksək olması üçün peşəkar mütəxəssislərə ehtiyac var. Limitin azaldılması isə yerli futbolçularda arxayınlıq hissi yaradır. Bəzən görürük ki, prespektivli oyunçularımız arxayınlıqdan öz üzərlərində çalışmırlar. Nəticədə onlar parlamamış sönürlər. Ona görə limit barədə qəti fikir bildirmək olmur. Klublarımızda işləyən şəxslər peşəkarcasına çalışmalıdırlar. Bu amil həm yerli oyunçuların xeyirinə ola, həm də keyfiyyətli legionerlərinə gəlişinə xidmət edə bilər".
Nahid Ustaclı