Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” klubunun yoxlama matçı keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi iyulun 21-də Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda daha sonra Özbəkistanın “Soqdiana” klubunu sınağa çəkəcək. Bu görüş iyulun 24-də baş tutacaq.
“Qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda dünən Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.