"Oyunda dinamika, ajiotaj var idi. Yetirmələrimin oyunu, xüsusilə ikinci hissədəki çıxışı məni qane etdi".
Fanat.Az xəbər verir ki, bunu Misli Premyer Liqasının 2-ci turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov deyib.
Matçdan sonra ənənəvi mətbuat konfransına qatılan 46 yaşlı mütəxəssis narazı qaldığı məqamı da açıqlayıb:
"Bir-iki futbolçu oyundan qopursa, digərləri təşəbbüsü, liderliyi üzərlərinə götürməlidir.
Heyət yetərsizliyi, ehtiyat qüvvənin olmaması məlum faktdır. Ancaq bunu hər mətbuat konfransında deməkdən yorulmuşam, daha danışmaq istəmirəm.
Kurban Berdıyevin gəlişindən sonra "Turan Tovuz"da hansı dəyişikliyin olmasına fikir vermədim. Öz oyunumuza aludə olmuşdum.
Başla effektli oynayan hücumçumiz olmadığı üçün cinah asmalarından istifadə etmədik. Rəqibdə isə əksinə, ucaboy müdafiəçilər var. Belədə asmalara üstünlük verməyi mənasız hesab etdik. Başqa planlarımız var idi, alınmadı. Rəqib qapanandan sonra müdafiəni yarmaq çətin oldu".