
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Meydana "100 faiz qələbə qazanacağıq" düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdir. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində Çempionlar Liqasında uğurlu startla diqqət çəkən "Qarabağ"ın 7 oyunçusu var. Qonaq komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı görüş haqda düşünürük".
Qeyd edək ki, Fransa - Azərbaycan oyunu "Park de Prens" stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səsləndiriləcək.