
Misli Premyer Liqasının 13-cü turunda Yevlaxda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:
“Məlum futbol şəraitində, süni örtük üzərində, günəşli havada sürətli oyun keçirmək mümkün deyil. Rəqib də yaxşı mübarizə aparırdı. Azər Bağırovun komandasına qarşı oynamaq həmişə çətin olur. İkinci hissədə daha sürətli çıxış edib iki qol vurduq. Vacib qələbə qazandıq. Futbolçularımı, azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm. Azər Bağırovun gəlişindən sonra “Kəpəz”də ciddi şəkildə canlanma yaranıb. Bildirmişdim ki, bu komanda bir müddətdən sonra formaya düşəcək.
O, 62-ci dəqiqədə hesabı akrobatik vuruşla açan Leroy Mikelsin qolu barədə sualı da cavablandırıb: "Həmişə istəyərəm ki, futbolçularım müəyyən məqamlarda fərqlənsinlər, seçilsinlər. Başqa oyunlardakı qolları indi gözümün qabağında canlandıra bilmirəm, amma Leroy Mikelsin qolu bizim komandada ən baxımlı qoldur"
Sadıqov "Kəpəz"lə matçda İssa Cibrilanın hücumçu mövqeyində çıxış etməsinə belə münasibət bildirib: "Cibrila universal futbolçudur. Onu hər mövqedə oynada bilirik. Ölkəsinin millisində son matçda hücumda oynayıb. Hansı mövqedə ehtiyac yaranırsa, orda da oynadırıq. Davit Volkovu da həmçinin. O da universal futbolçudur. Təki bütün oyunçularımız sağlam olsun".