
"Hazırda oyunun keçiriləcəyi "Rekord Arena"dayıq. Matçın başlamasına da 1 saat qalıb. Start fitinə qədər borclu olduqları məbləği ödəməsələr, oyuna çıxmayacağıq".
Bunu Fanat.Az-a açıqlamasında 2-ci Liqanın 14-cü turu çərçivəsində bu gün lider "Xankəndi" ilə qarşılaşmalı olan "Şəki Siti"nin baş məşqçisi Elvin Həsənov deyib.
3 aydır maaş üzünə həsrət qalan, ötən tur "Qaradağ Lökbatan"la görüşdə mübarizə aparmaqdan imtina edərək texniki məğlubiyyət alan bölgə təmsilçisinin çalışdırıcısı son ana qədər gözləyəcəklərini bildirib:
"Dünən yenə toplantı oldu. Söz verdilər ki, oyun saatına qədər texniki heyətə ödəməli olduqları pulu verəcəklər. Verməsələr, komanda oynamayacaq. Deyiblər ki, stadiona gəlin, biz də gəlmişik".
Xatırladaq ki, "Şəki Siti" bu matça da çıxmasa qaydalara əsasən, çempionatdan kənarlaşdırılmalıdır.
Nihat