
Azərbaycan futbolunda bölgə klublarının yaşaması hər zaman çətin olub. Böyük şəhərlərdən uzaqda fəaliyyət göstərən komandalar üçün əsas problem nə futbolçu tapmaq, nə də azarkeş toplamaqdır. Ən böyük maneə sabit maliyyədir. "Araz Saatlı" da bu reallığın növbəti qurbanına çevrildi.
2023-cü ildə Birinci Liqaya yüksələn Aran təmsilçisi Saatlı futbolsevərlərinə böyük ümid vermişdi. Rayon tarixində ilk dəfə peşəkar liqada çıxış edən komanda böyük büdcəyə deyil, inama söykənirdi. Məqsəd sadə idi. Peşəkar futbolda möhkəmlənmək və bölgədə futbol ənənəsini formalaşdırmaq.
Lakin qısa müddətdə məlum oldu ki, təkcə həvəs kifayət etmir. İnfrastruktur çatışmazlığı, məhdud maliyyə imkanları və sponsor dəstəyinin olmaması klubun inkişaf tempini ciddi şəkildə ləngitdi. İdman nəticələri də bu problemlərin fonunda gerilədi və komanda Birinci Liqada mövqeyini qoruya bilmədi. Daha ağrılı məqam isə sonrakı mərhələdə yaşandı. Maliyyə sıxıntıları dərinləşdikcə klubun normal fəaliyyət göstərməsi çətinləşdi. Əməkhaqlarının ödənilməsində yaranan problemlər, gündəlik xərclərin qarşılanmasında yaşanan çətinliklər və qeyri-müəyyən gələcək "Araz Saatlı"nı çıxılmaz vəziyyətə saldı. Klub rəsmilərinin də etiraf etdiyi kimi, mövcud maliyyə yükü artıq kollektivin fəaliyyətinə birbaşa təsir göstərirdi.
Əslində, söhbət təkcə bir klubdan getmir. "Araz Saatlı"nın yaşadıqları Azərbaycan futbolunda bölgə komandalarının qarşılaşdığı sistemli problemlərin göstəricisidir. Sabit sponsor olmadan, güclü infrastruktur qurulmadan və uzunmüddətli maliyyə modeli formalaşdırılmadan peşəkar klub yaşatmaq son dərəcə çətindir.
Bu gün "Araz Saatlı"nın hekayəsi təkcə uğursuz nəticələrin yox, maliyyə çatışmazlığının futbol layihəsini necə zəiflədə bildiyinin nümunəsidir. Bir vaxtlar Saatlıda peşəkar futbolun simvoluna çevrilən klub indi yenidən ayağa qalxacağı günü gözləyir.
Çünki futbol tarixində süqut son nöqtə deyil. Lakin dönüş üçün ilk növbədə möhkəm maliyyə təməli, davamlı dəstək və uzunmüddətli strategiya lazımdır. Əks halda, "Araz Saatlı"nın taleyi gələcəkdə digər bölgə klubları üçün də təkrarlana bilər.
Toğrul