
"Qarabağ" Bakıdakı kimi oynasa, ÇSKA-nı Sofiyada məğlub edə bilməyəcək".
Bu sözləri Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
O, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan ÇSKA-sı ilə qolsuz bərabərliyə razılaşan "köhlənlər"in qonaq qismində daha sürətli futbol sərgiləməli olduğunu vurğulayıb: "Məlum məsələdir ki, "Qarabağ"ın heyətində çox ciddi dəyişikliklər olub. Təbii ki, hələ yeni oyunçular bir-birlərinə lazım olan səviyyədə uyğunlaşmayıblar. Birinci qarşılaşmada komandamızın ifasında arzuladığım futbolu görə bilmədim. Çatışmazlıqlar çox idi. Düzdür, oyunun müəyyən hissələrində rəqibi öz qapısına sıxışdıra bildik, amma əvvəldən sona qədər dominantlıq edə bilmədik. Digər tərəfdən, "Qarabağ" adətən ikinci oyunlarda daha yaxşı təsir bağışlayır. Ümid edirəm ki, bu dəfə də belə olacaq və meydanda daha sürətli, kombinasiyalı hücumlar edən, ani əks-həmlələrlə rəqibini çətin vəziyyətə salan "Qarabağ"ı görəcəyik. Komandamıza uğurlar arzulayıram".
Xatırladaq ki, ÇSKA - "Qarabağ" qarşılaşması iyulun 30-da keçiriləcək.
Toğrul