
"İstənilən əsas heyət oyunçusu komandadan ayrılanda bu, kollektivin performansına təsir edir. Elə mövqelər var ki, müəyyən futbolçuların gedişindən sonra yerinə başqasını tapmaq, uyğunlaşmasını təmin etmək çətin olur. Məsələn, "Qarabağ"da mərkəz müdafiəçisi Kevin Medinanın və ya cinah hücumçusu Leandro Andradenin yoxluğu indi də sezilir. Zubir barədə də eyni fikirlər səsləndirmək olar..."
Bu sözləri Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov deyib.
Tanınmış futbol mütəxəssisi 8 il "Qarabağ"ın uğurları üçün çalışan, bir neçə gün öncə "köhlənlər"in sıralarını tərk edərək Qətər çempionatına yollanan sol cinah hücumçusunun gedişinə münasibət bildirib:
"Zubir özünəməxsus oyun üslubu olan, rəqib müdafiəçiləri keçməyi bacaran, cərimə meydançasının həndəvərində inamlı performansla diqqət çəkən oyunçudur. Yer aldığı cinahda təzyiq edir, məhsuldar ötürmələr verir. Yaxşı texnikası var. Asma edəcəkmiş kimi davranaraq cərimə meydançasına girdiyi epizodları da görmüşük.
Son bir neçə ildə cinah müdafiəçisi Elvin Cəfərquliyevlə əla tandem təşkil edirdi. Təbii ki, yoxluğu hiss olunacaq. Amma Zubirin yaşına baxsaq, 34 yaş vinger mövqeyi üçün çoxdur. Cinah hücumçusu və ya cinah müdafiəçisisənsə, irəli-geri işləməlisən. Yaş öz sözünü istənilən halda, deyir və 34-35 yaşın varsa, 90 dəqiqə eyni templə mübarizə apara bilmirsən. Zubir nə qədər intizamlı olsa da, nə qədər çox məşq etsə də, bu yaşdan sonra Avropada "Qarabağ"a böyük fayda verə bilməzdi. Belə desəm, 34 yaşda getməsi normaldır. Son Avropa matçkarında Zubirin effektli oynadığını demək çətindir. Məncə, elə getmək vaxtı idi. Hə, onun mövqeyində hələ özü kimisi yoxdur. Topa o cür incə toxunuşlar edən, rəqibin müdafiəsini təzyiqdə saxlayan sol cinah hücumçusu gəlməyib. Renaldo Sepas fərqli oyun üslubuna malik vingerdir və hələ tam uyğunlaşmayıb".
Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.
Nihat