
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı parlaq çıxışından sonra braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyonun onu istəyən klublardan birinə satılacağını gözləyənlər çox idi. Lakin Ağdam təmsilçisi ilə yeni 3 illik müqavilə bağlayan "sambaçı" heyətdə qaldı. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində çempionatın qalan bölümünə hazırlaşan "köhlənlər"in legionerinə bir neçə sual ünvanladıq.
Bikalyonun Fanat.Az-a müsahibəsi belə alındı:
- "Qarabağ"ın bu mövsüm sərgilədiyi performans futbol ictimaiyyətinin gözlədiyi kimi deyil. Səncə, səbəb nədir və yerli futbolsevərlər əvvəlki komandanı nə vaxt görəcək?
- Düşünürəm ki, hər oyunda bir komanda olaraq inkişaf edir, daha yaxşı olur və böyüyürük.
- Bu mövsüm Premyer Liqadakı rəqabət şəxsən səni qane edirmi?
- Liqamızda səviyyə hər il yüksəlir. Bu, yaxşı haldır, çünki oyunların daha rəqabətli keçməsinə səbəb olur.
- Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə "Qarabağ" üçün faydalı olacaqmı?
- Çox faydalıdır. Komandamızda çoxlu yeni oyunçu olduğu üçün bu müddət bir komanda kimi bir-birimizi daha yaxşı tanımağımız üçün yaxşı fürsətdir.
- 7-ci turda "İmişi"nin qonağı olacaqsız. Bu matçdan nə gözləyirsən?
- Çox rəqabətli bir oyun gözləyirəm. Keçən il onlara qarşı keçirdiyimiz bütün oyunlarda olduğu kimi.
- Komandanın əsas futbolçularından birisən. Bu mövsüm ortaya qoyduğun futboldan razısan?
- Öz performansımdan razı deyiləm, çünki komandamızın Avropa turnirlərinə vəsiqə qazanmasına kömək edə bilmədim. Amma tam əminliklə deyə bilərəm ki, ötən mövsüm əla futbol nümayiş etdirən Pedro geri qayıdacaq!
Nihat