
Azərbaycan Üzgüçülük Federasiyası Bakıda keçiriləcək "İpək Yolu" Dünya Kuboku öncəsi rəsmi maskotlarını təqdim edib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti (AÜF) məlumat yayıb.
AÜF-ün təqdim etdiyi maskotlar "Araz", "Damla" və "Xəzər" adlanır.
Maskotlar üzgüçülüyə marağın və suya olan sevginin rəmzi kimi hazırlanıb. Onlar həm ən kiçik üzgüçülük həvəskarlarını, həm də peşəkar idmançıları əhatə edən auditoriyaya xitab edir.
Maskotların əsas missiyalarından biri su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətinə diqqət çəkməkdir. Eyni zamanda, qəhrəmanlar vasitəsilə Xəzər dənizində su səviyyəsinin azalması məsələsinin diqqətdə saxlanılması nəzərdə tutulur.
Qeyd edək ki, "Araz", "Damla" və "Xəzər"lə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsi çərçivəsində keçiriləcək tədbirlər zamanı yaxından tanış olmaq mümkün olacaq.