"Sumqayıt” Futbol Akademiyasının yetirməsi, U-19-un üzvü Rüfət Abdullazdənin Moskva "Spartak”ının ikinci komandasında baxışda olduğunu xəbər vermişdik.
Xatırladaq ki, "qırmızı-ağlar”ın məşqçilər korpusu və seleksiyaçı məşqçiləri 2001-ci il doğumlu yarımmüdafiəçini U-19-un "Spartak-2” ilə oyununda görüb bəyənmişdilər.
Təxminən 10 gün "Spartak”ın düşərgəsində baxışda olan Rüfətin aqibəti ilə maraqlanmaq üçün "Futbol+” qəzetinin əməkdaşları "kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxlayıb. Rəşad bəy solaxay yarımmüdafiəçinin artıq vətənə döndüyünü bildirməklə yanaşı, ümidverici fikirlər səsləndirib:
"Rüfət artıq "Spartak-2”dən ayrılaraq, Sumqayıta qayıdıb. Lakin Rusiya klubunun rəsmiləri onunla bağlı yekun qərar verməyiblər. "Spartak” rəsmiləri yaxın günlərdə yenidən Abdullazadəni düşərgəyə dəvət edəcəklərini, bir daha yoxlama görüşlərində sınayacaqlarını bildiriblər. Bu haqda bizim klubun rəhbərliyinə də məlumat veriblər. Bizdə olan məlumata görə, Rüfət yoxlanışda olduğu müddətdə özünü yaxşı tərəfdən göstərə bilib, yoxlama görüşlərində inamlı təsir bağışlayıb. Lakin "Spartak-2”nin məşqçilər korpusu tələsik qərar vermək istəmidiyindən, onu növbəti toplanışda yenidən sınaqdan keçirmək niyyətindədi”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol