15:33 01.05.2019 1625

Tahir Süleymanovdan “Neftçi” rəhbərliyinə: “İstefa verib, çayınızı için...”

Azərbaycan çempionatı adı altında keçirilən "Bakı birinciliyi"nın bitməsinə 2 tur qalıb. Çempionluq yarışına son nöqtə qoyulmayıb hələ, "ağ-qara"ların nəzəri olaraq şansları qalır...

Qış fasiləsindən sonra 5 xal önə çıxan "Neftçi", indi "Qarabağ"dan 5 xal geridədir. Mənfi 5-i əridib müsbət 5 xala çatdıran ağdamlıların son 2 oyuna çempionluğu əldən verəcəyi inandırıcı görünməsə də, futboldur, istənilən nəticə ola bilər. Artıq bunu "Neftçi" rəhbər, məşqçi, futbolçu heyəti düşünməlidir...

Son aylar çempionatı yaxından izləsək də, təhlillərimizi etsək də, geniş futbol ictimaiyyəti ilə fikirləmizi bölüşmürdük. Səbəbsiz deyildi...

Obyektiv analizlər, tənqidlər müəyyən insanları narahat edirdi, "Neftçi" camiəsində məqsədli "təbliğat maşını" işə salınmışdı. "Tənqid edənlər "Neftçi"nin çempion olmasını istəmirlər" kimi cəfəngiyyat dolu iftiralarla fanat-azarkeşlər arasına nifaq salınırdı...

"Neftçi"ni dəlicəsinə sevən və hörmət etdiyimiz azarkeşlərdən əlaqə saxlayanlar olurdu. Fikir mübadiləsi əsnasında "Neftçi"nin tənqid olunmaması istənilirdi. Obyektiv tənqidlərin "Neftçi"nin çempion olmasına mane olacaq düşüncələri beyinlərə yeridilmişdi.

Dəyərli azarkeşlərə əsaslı fikirləri bildirdikdən, "Neftçi"nin çöküşə gedəcəyini bir daha vurğuladıqdan sonra qısa zaman kəsiyində bunların həyata keçəcəyi nəzərlərə çatdırıldı.

Fanat, azarkeş emosional fonda istədiyini edir. Bu, doğma komandaya olan sevgidən irəli gəlir. Bir çox fanatların çempionluq istəyi, aşırı çılğınlıqları bəzi hallarda özləri də bilmədən uğursuz, məqsədlilərə sərfəli olur.

Böyük klubların fanat, azarkeşləri ruhən çempiondurlar. Onlar bunu bu mövsüm bir daha sübuta yetirdilər. "Neftçi"nin çempionluqlarını, kuboklarını isə azarkeşlərin dəstəyilə klubda çalışanlar, meydanda məzmunlu çıxışları ilə məşqçi, futbolçular təmin etməlidirlər.



"Neftçi" adına və azarkeşlərə hörmət əlaməti olaraq bir müddət məsələlərə münasibət bildirmədik. Niyə?

Böyük futbol elmdir, biz təhlillərimizi futbol adına əsaslandırıb bildiririk və hər bir sözün məsuliyyətini daşıyırıq. "Neftçi" ilə bağlı fikirlər də bu günlər, daha doğrusu, bu günlərin olmaması üçün edilirdi.

Psixoloji olaraq elə fon yaradılmışdı ki, tənqidlərin davam olunacağı və indiki vəziyyətin yaşanacağı ilə "günahkarlar" axtarışı davam edəcəkdi. İndi qaçıb gizlənən cavabdehlər bir ağızdan, "gördünüz, imkan vermədilər" deyib, azarkeşləri, ictimaiyyəti yenidən aldadacaqdılar. Bir daha niyyətimizi, səmimiyətimizi göstərərək buna imkan verilmədi. Buyurun, gizlənməyin, çempionluğu azarkeşlərə təhvil verin.

Bu durumu "Neftçi" daxilindən bilərəkdən yaradanlar özləri özlərinin ayaqlarının altını qazmış oldular.

***

Çempionatın əvvəlindən hər zaman olduğu kimi pozitiv tənqidlərimizi, fikirlərimizi bildirirdik. "Qarabağ"ın yorğunluq fonunda "Neftçi"nin önə çıxması eyforiya yaratmışdı. Rəhbərlik, baş məşqçi komandanın real gücünü müəyyənləşdirə bilmirdi.

Qış fasiləsinə minimum 5-6 xal fərqlə yollanmaq əvəzinə, lazımsız xallar itirirdi.  "Zirə"yə evdə 5-10 minin güdazına gedib şərait yaradılması, fasilə olmamış yeni transferlərin elan edilməsi, yersiz piar kampaniyaları.

Bu barədə vaxtında dəstək xarakterli sözümüzü demişik. Nə yazıq ki, məsləhətlərə qulaq asılmayıb, səhvlərdən nəticə çıxarılmayıb. Bu azmış kimi, "təbliğat mexanizmi" "Neftçi"nin qış "çempionluğunu" təmtəraqla qeyd edib. Dərk edilməyib ki, çempion mayda müəyyənləşir.

"Qarabağ"ın məşqçi, futbolçu heyətinin 4 cəbhədə, milli, qrup, çempionat, kubokda mübarizə aparması onları fiziki, psixoloji olaraq üzmüşdü. Bunun sayəsində texniki məğlubiyyətlə də üzləşdilər, bir hədiyyə şansı oldu. "Neftçi" 3 xal önə çıxaraq istirahətə yollandı. Kubok yolunun kəsilməsi isə yeni ilə bir siqnal idi...

"Neftçi"dəkilər təcrübəsizliklərindən özlərini çempion olmuş kimi aparırdılar. Lazımı mövqeləri gücləndirmək əvəzinə gecikmiş halda uğursuz transferlər edilirdi. Sonralar dansa da, Bordinin hələ ilk addımlarından "transferləri prezident, idman direktorundan soruşun" ifadəsi də bu gün üçün deyilmiş sığorta idi...

Kamran Quliyevlə söhbətlərimdə dəfələrlə bildirmişəm, Roberto Bordin "Neftçi"nin tarixi oyun üslubuna, ənənələrinə uyğun məşqçi deyil. İtalyanın gətirilməsi klub rəhbərliyinin çox yanlış seçimi idi. Eyni zamanda, hələ çempionatın əvvəlində məsləhət görmüşdüm, Bordin çox hiyləgər, klubu yox, özünü düşünən biridir.

"Mənim komandam" anlayışı "Neftçi"də ola bilməz, "Neftçi", ata-babalardan qalan yadigardır, hər birimizindir. Bordini klub rəhbərliyi davamlı nəzarətdə saxlamalı, hər turdan sonra ciddi hesabatlar tələb etməli idi.

Bunu etmək əvəzinə özlərini "sındıracaq" bəyanatlar verildi, azarkeşlərə qarşı haqsızlıqlar edildi, klub, komanda müdafiə edilmədi. Bordini isə cilovlamaq əvəzinə, çay içməyi, nərd oynamağı, şəhər gəzintisini öyrədib fotosesiyalarla qoltuğunun altını "qarpızladılar". Təcrübəli Roberto artıq bilirdi, müəyyən etmişdi, futbolda naşı olan rəhbərliyi "suzuz aparıb, susuz gətirər".

***

Qış gəldi, nə gəldi. Komanda yaddan çıxdı, hərə öz təbliğatı ilə məşğul olmağa başladı. Klub prezidenti Kamran Quliyevlə vitse-prezident Elnur Eyvazov Türkiyə turnesinə çıxdı. Azarkeşlər layiqli transferlər gözlədiyi halda rəhbərliyin şəkilləri mətbuatı bəzədi. Bakıya döndükdən sonra "sığorta" müqavilələrinin piar kampaniyası başladı, italyana tortlar kəsildi.

Klub rəsmiləri, baş məşqçidən başqa komandanın axsayacağını artıq sıravi azarkeşlər də görürdü, narahatlıq keçirirdi. Bunları, təcrübəli "Qarabağ" da hiss edirdi. Ağdamlıların toparlanacağı dəqiqliklə bilinirdi.

Vaxtilə elə anlar olub ki, fasiləyə 2-3-cü yerlərdə gedib qış təlim-məşq toplanışından sonra fiziki, psixoloji hazırlıqla komanda ətrafında tam səfərbər olaraq birnəfəsə çempionluq təmin edilib. Özü də 6-7 imkanlı, nüfuzlu, güclü komandaların zirvəyə oynadığı dövrlərdə. Bordin o illərin amansız rəqabətini görməyibsə, autsayder klubun prezidenti olmuş Kamran Quliyev bunları yaxşı bilir. Bilmək isə azdır, bacarmaq əsasdır.

"Qarabağ" uzun illərdi qış fasiləsindən, fiziki yükləmələrdən sonra 4-5 tura təbricən özünə gəlir. Onlarda ənənədir artıq. Buna görə də ilk oyunlarda xallar itirildi, "Neftçi" zəif çıxışı ilə 5 xal önə çıxdı, başlar daha da gicəlləndi.

Bu, o vaxtlar idi ki, hər iki komandanın real gücünü bildiyimiz üçün, obyektiv tənqidlərimizi, təhlillərimizi edirdik. "Neftçi" arxayınlaşmağa imkan tapmırdı. Kənardan kəskin iradlar kimi görünsə də, səsləndirdiyimiz fikirlər ancaq komandanın xeyiri üçün idi.

İctimai nəzarət "Neftçi"dəkiləri boşalmağa imkan vermirdi. "Qarabağ"ı, futbol baxımından digər incə məqamları "Neftçi" daxilində doğru analiz edənlər tapılmadı.

Futbolu, strategiyanı, uzun marafonun çempionluq yolunu bilməyən naşı "Neftçi" rəhbərliyi haqlı təhlilləri dərk etmədi. Həqiqi dəstək verənlərə qarşı kin-kidurət, yalançı təriflərə isə xoşallanmaq yolu seçildi. Qarşıda onları düşünülmüş "yastıq əməliyyatı" gözləyirdi.



***

"Qarabağ" rəhbərliyi, məşqçi, futbolçuları çempionluqlar yaşamış təcrübəli komandaya sahibdirlər. Buna baxmayaraq, 3-5 xal geriyə düşdükdən sonra son dərəcə stres keçirilirdi. Komanda optimal formasını yığa-yığa oyunları gərgin alınırdı.

"Neftçi"nin obyektiv tənqid olunması, rahatlaşmaması onlara sərf etmirdi. Bilirdilər ki, rəqib oyun quruculuğu baxımından güclü deyil, görüşləri fanatların dəstəyilə psixoloji ruhda keçirib qazanırlar. Bunun qarşısı alınmalıydı.

"Qarabağ" düşərgəsi planlı olaraq hər addımda "Neftçi"yə daha çox tərif yağdırmağa başladı. Yerli, legioner futbolçular "ağ-qara"lardan çəkindiklərini, rəqibin çox güclü olduğunu dönə-dönə bildirirdilər.

Düşünülmüş, ağıllı, psixoloji məst edən "yastıq" o qədər yumşaq idi ki, hər həftə keçdikcə, "Neftçi"dəkilərin yuxuya getməsi daha şirin olurdu. Rəqib belə güclüydüsə, qısa müddətə 5 xallıq fərq əks tərəfə necə keçə bilərdi?!

***

"Neftçi" rəhbərliyi şirin yuxudan ayılmaq əvəzinə özlərini tora salaraq özəl "yastıq-2" hərəkatına start verərək "Qarabağ"a əlavə dəstək vermiş oldu. "Təbliğat maşını" gecə-gündüz komandanı, rəhbərliyi, məşqçiləri, futbolçuları tərifləyir, obyektiv tənqid edən, fikir bildirən az sayda insanlara qarşı "qərəz" damğası vurulurdu. Jurnalistlərdən tutmuş komandanın azarkeşlərinə qədər...

"Qarabağ", uğurlu psixoloji əməliyyatı və "Neftçi"nin səriştəsiz rəhbərliyinin "tərifnaməsi" ilə ikiqat effekt, qazanc əldə etmişdi. "Neftçi"nin zəif nöqtələri strateji olaraq məharətlə "vurulmuşdu". Liderin dəyişməsi artıq an məsələsi idi.

***

Hələ qışda zamanlama tələskənliyinə yol verib oyunlar gedə-gedə Mbodj transferini açıqlayaraq mərkəz müdafiəçilərinə, "sizin yerinizə futbolçu gəlib" deyən rəhbərlik, oyunçular arasında gərginlik yaratmışdı. Səriştəsiz addımlarla qızıldan qiymətli xallar itirilmişdi.

Təəssüf ki, səhvlərdən nəticə çıxarılmadı. Çempionatın finişinə taleyüklü turlar qala, klubun idman direktoru yenidən Avropaya futbolçu axtarışına çıxdı. Yenə zamanlama olaraq xətaya yol verilirdi...

Klublarda seleksiya fəaliyyəti ilboyu aparılmalıdır. Birmənalıdır. Elə edilməlidir ki, səfərlər, axtarışlarla bağlı informasiya nəinki mətbuata, heç klub daxilinə vaxtından əvvəl sızmasın, müzakirə edilməsin.

Futbolçular məlumatları bildikdən, mətbuatda oxuduqdan sonra psixoloji yüklənirlər, istəməsələr də belə, "yerimizə futbolçu gətirirlər" düşüncəsi beyinlərdə dolaşır. Bu da liderliyə oynayan futbolçulara və ümumilikdə komandaya birbaşa mənfi təsir edir, daxili atmosferi pozur.

Belə durumda bir çox futbolçu ayağını, başını mübarizəyə qoymur, "onsuz da göndərəcəklər" təfəkkürü ilə özlərini zədələrdən qoruyurlar. Klub rəhbərliyində illərini yaşıl meydanlarda keçirmiş yeganə təmsilçi Ceyhun Sultanovdur və futbolçu psixologiyasını bilməmiş deyil.

Nəzərə alaq ki, son illər "Neftçi"də legionerlər hər altı aydan bir əlcək kimi dəyişdirilir. Əcnəbi futbolçular da bunu gözəl bilirlər. Çempionluq yolunun finişində klub daxilində tam səfərbərliyi təmin etmək əvəzinə transfer xəbərlərinin dolaşması, futbolçular arasında birliyi sarsıdır, komandaya nifaq salır. Onsuz da samsonelər, pankuların gəlişilə bunun təməli qışda qoyulmuşdu.

Hələ çempionatın gərgin dönəmlərində klub prezidenti, vitse-prezidentin futbol ictimaiyyətinin bilmədiyi xarici səfərlər də öz yerində. Bütün gücü bir istiqamətə-çempionluğa yönəltmək əvəzinə, hərə öz istədiyini edirdi. Belədə Bordin özünü meydanda olmasa da, klubda, komandada yalançı italyan "mafiozu" kimi hiss edirdi.

***

Elementar sual yaranır. Necə ola bilər ki, "Neftçi" haqlı tənqid olunduğu, doğru təhlillər aparıldığı, ictimai nəzarətin güclü olduğu vaxtlarda davamlı liderliyini qoruyurdu, qısa müddətdə 3-5 xal öndə olduğu halda "bəy tərifləri" ilə çökdürüldü?! Bəs deyilirdi ki, bizlər imkan vermirik "Neftçi" rahat oynasın.

1-2 ay səsimizi çıxarmadıq, "Neftçi" niyə 5 xal geri düşdü? Məntiqləri ilə komanda 10 xal önə çıxmalıydı axı... İndi kimdi "günahkar(lar)"?

Futbolu bilməyən insanlar "Neftçi" ağırlığını dərk etməz. Onları heç "Neftçi" maraqlandırmır. Şəxsi maraqlar, ambisiyalar buna imkan verməz. "Neftçi" ilə zarafat edənləri isə, elə "Neftçi" böyüklüyünün özü qaldırıb yerə çırpır...

Təəssüf ki, uzun illərdi "Neftçi" daxilində, camiəsində birlik yaratmaq, səhvlərdən vaxtında nəticə çıxarmaq əvəzinə şaiyələr yaradılır, şəxsi məqsədlərə görə parçalanma baş verir. 4-5 ildi eyni ssenari davam edir. Sadəcə hər dəfə iştirakçılar dəyişir, dəyişdirilir...

***

İndi də liderliyin əldən verilməsindən sonra "təbliğat maşını"nın yeni dalğasına start verilib. "Neftçi" üçün rəqabətsiz çempionatda "Qarabağ"la zirvə mübarizəsi kütləvi olaraq "uğur" kimi qələmə verilir. "Neftçi" adı bu qədər kiçildilməməlidir. Bordin isə, yaxın keçmişdə sevimli komandası "İnter"lə "San Siro"da müdafiə futbolu oynamayan "Neftçi"ni 5-li müdafiə ilə "ağ günə" çıxarıb. Yeri gəlmişkən, "Neftçi"nin əsas forması "ağ-qara"dır, "qara-ağ" deyil...

Hər bir ölkənin futbolunda tarixi klublar var. Qocaman "Neftçi" 25 ildən çoxdu Azərbaycan çempionatında çıxış edir. Ömrünün 50 ildən çoxunu isə "Dinamo", "Spartak", "Zenit", "Şaxtyor", ÇSKA və digər nəhənglərlə birgə keçirib. Ölkə çempionatında 2-ci və ya sonuncu olsun, "Neftçi" üçün fərq etməz.

"Neftçi"yə qarşı bütün rəqiblər "dinozavr", "şir", "pələng", "əjdaha" kimi oynayırlar kimi fikirlər kənara qoyulmalıdır. Hər kəs dərk etməlidir, bunun bir səbəbi var-"Neftçi" böyüklüyü!  Bütün dünyada belədir, böyük klublara qarşı rəqiblər ikiqat güclə çıxış edır.

Bəhanələr axtarmaq yox, "Neftçi" adına layiq olmaq lazımdır. Necə ki, bunu klubun sadiq fanatları, azarkeşləri dərk edir, komandanın çempionluq ruhunu qoruyub saxlayırlar.

Ötən mövsüm rəqib stadionunda boyunlar bükülüb, "Qarabağ" çempionluğu qarşısında "bürüncü" qəbul edəndə düşünmək lazım idi. 3-cülük kimlər üçünsə "uğur" sayıla bilərdi, "Neftçi" böyüklüyü üçün yox. İndi isə, "evdə" stadionun başının üstünü qara buludlar alıb.

"Bakı birinciliyi"ndə indiki şəraitlə "Neftçi"nin 2-ci yeri tutması üçün nə mötəbər rəhbərliyə, nə Roberto Bordinə ehtiyacı var. "Neftçi"nin "çempionluq uğrunda mübarizə aparan" komanda "obrazına" salınması da yolverilməzdir.

Belə yanaşma "Neftçi"yə xidmət etmir, illərdi xalqın, dövlətin pulunu ata malı kimi xərcləyənlərə sərfəlidir. "Neftçi" öz böyüklüyünü hər zaman qoruyub saxlamalıdır!

***

Qeyd olunanlar kənardan görünməyən idarəçilik nüanslarının çox az bir hissəsidir. Böyük futbolda xırdalıq olmur, zərgər dəqiqliyi lazımdır. Bunun üçünsə futbolu, futbolun ruhunu bilmək lazımdır. Meydanda göstərilən oyun klub, komanda olaraq hərtərəfli hazırlığın son akkordları, nəticələridir.

"Neftçi"nin heyəti, klubun tarixi ənənələrinə uyğun olmayan oyun tərzi, transferlər, ayrı-ayrılıqda futbolçuların keyfiyyəti barədə çox danışılıb, çox yazılıb. Bu barədə geniş fikir bildirməyə hələ ki, ehtiyac yoxdur.

Bunlarla yanaşı, bu gün "Neftçi"nin hansı səbəblərdən indiki vəziyyətlə üzləşdiyi məqamların müəyyən hissəsi qeyd olundu. Görünən meydanda 90 dəqiqə olur, hər çempionatın, oyunların möhkəm bünövrəsi isə öncədən hazırlanır.

Bu gün "Neftçi"nin heyətində Azərbaycan şərtlərinə uyğun kifayət qədər ödənişli futbolçular çıxış edir. 4-5 ildi səbr, səbr deyə-deyə tarixi klub bir qrup şəxslərin əlində eksperimentlər ocağına çevrilib. "Neftçi" isə onların deyil, ata-babalarımızın futbol ocağıdır...

***

Gizlənmək, sızlamaq, "günahkar" axtarmaq, ara qatmaq, yeni "əməliyyatlara" start vermək, "təbliğat maşınını" yenidən işə salmağa nə gərək. İstədikləri rahat oynamaq idi, "rahatlığı" təmin etdilər, hətta rəqiblərə də rahat oynamağa, "Neftçi"dən çəkinməməyə şərait yaratdılar.

"Nağıllar" aləmi tükənib, bitib artıq. Heç "sığorta" bəhanələri də kömək etməz. Fanat, azarkeşlərin təmənnasız göz yaşları bir gün sel olub "Neftçi"nin dəyərini bilməyənləri növbəti dəfə yuyub aparacaq...Dəyən ziyan "Neftçi"yə, "Neftçi" adına olur...

Çıxın son iki turu qələbəylə bitirin və "Səbail"ə dua edib çempionluğu təmin edin. Əks halda könüllü istefanızı verin, Bordini də götürün, gedin çayınızı için...

Tahir SÜLEYMANOV
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X