(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
Söz vaxtına çəkər. 2003-cü ilin mart ayında Gürcüstanın paytaxtı Tiflisdə MDB ölkələrinin U-15 yaş qrupu klubları arasında keçirilən "Vesna" adlı turnirdə iştirak edirdik. O zaman "Xəzər Universiteti" adından çıxış edirdik, baş məşqçimiz Böyükağa Abbasov idi. Həmin yarışın qrup mərhələsini sonadək oynamaq mənə qismət olmadı... İlk oyunda diz qapağımdan xəsarət almışdım. O zaman zədəmin sağalması istiqamətində komanda rəhbərliyi tərəfindən heç bir addım atılmamışdı. 8 gün sonra Bakıya qayıdanda valideynlərim dizimin şişdiyini görüb həkimə müraciət etdilər. Nəticədə məlum oldu ki, diz qapağımın altına su yığılıb və əməliyyat olunmalıdır. Söz yox ki, bütün xərclər ailəmin üzərinə düşdü. Əməliyyatdan sonra ömürlük revmatizm qazandım və uzun müddət futbolsuz qalıb fikrimi daha çox təhsilə yönəltdim.
Bu əhvalatın üzərindən 19 il ötüb və uşaq futboluna göstərilən diqqət və qayğı kifayət qədər artıb. Ölkəmizdə fəaliyyət göstərən futbol akademiyalarında yüzlərlə yeniyetmə və uşaq futbolçular var. Maraqlıdır onların aldığı xəsarət, zədə və ümumiyyətlə, sağlamlıqları ilə bağlı meydana çıxan problemlər öz həllini kim tərəfindən tapır?
Fanat.Az olaraq bu məsələ ilə bağlı bəzi uşaq futbolu mütəxəssisləri ilə əlaqə saxladıq.
"Turan Tovuz" futbol akademiyasının koordinatoru və tanınmış futbol mütəxəssisi Adil Şükürov bilrdirdi ki, bu məsələyə olduqca peşəkarcasına yanaşırlar: "Bizdə ümumi olaraq belə bir qayda var ki, yaşından asılı olmayaraq akademiyamızda oynayan hər bir futbolçu ilə həvəskar müqavilə (söhbət aşağı yaş qrupundan gedir) bağlanır. Bu sözləşmədə də futbolçuların sağlamlıqları ilə bağlı bəndlər mövcuddur. Bunlar hamısı AFFA-nın tələbidir və akademiya tərəfindən buna peşəkar yanaşma var. Uşaqlar məşq və ya oyun zamanı zədələndikləri halda, onların sağalması üçün müayinə, müalicə və əməliyyat akademiyamız tərəfindən təşkil olunur. Zədə yox, oyunçular digər səbəblərdən xəstələndiyi təqdirdə belə, onların sağalmasını klub təmin edir".
"Qəbələ" akademiyasının direktoru Nail Kərimovun açıqlaması da ürəkaçan oldu: "Başqa klublarda və ya akademiyalarda vəziyyətin necə olduğunu deyə bilmərəm. Bizdə buna xüsusi diqqət var. "Qəbələ" yarandığı gündən bu məsələyə ciddi yanaşır. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər heç bir futbolçumuz müayinə, müalicə və əməliyyatsız qalmayıb. Amma xəstəliklər və zədələr iki yerə bölünür: anadangəlmə və oyunlarda, habelə məşqlərdə qazanılanlar. Biz hətta futbola aidiyyatı olmayan səbəblər üzündən yaranan problemlərin aradan qalxmasını da təmin etmişik. Belə hallarda futbolçularımıza daim dəstək oluruq. Bundan sonrası isə valideynlərin üzərinə düşən məsuliyyətdir ki, gələcəkdə uşağın sağlamlığına daha ciddi yanaşsınlar. Bilirsiniz ki, son illər maddi vəziyyətimiz elə də yaxşı deyil amma yenə də buna baxmayaraq, sağlamlıqla bağlı məsələlərdə futbolçuların yanındayıq.
Bir zamanlar Bakı Futbol Akademiyasının icraçı direktoru kimi çalışan, hazırda isə İsgəndər Cavadov adına akademiyanın rəhbəri Yaşar Seyidov isə məsələ ilə bağlı möqeyini bu şəkildə açıqladı: "Bakı akademiyasında işlədiyim vaxtlar uşaqların qan analizlərini Türkiyəyə göndərirdik. Analizin cavabları gənc futbolçuların akademiyadakı gələcəkləri üçün çox önəmli idi. İndi isə analiz nümunalərini xarici ölkəyə göndərməyə ehtiyac yoxdur. Ölkəmizdə bu prosesi tez bir zamanda həll etmək mümkündür. Futbolçuların istənilən sahədə müayinələri və müalicələri üçün Gömrükçü Xəstəxanasına illik 50-60 min manat civarında pul ödəyirdik. Akademiyanın bütün üzvləri istənilən zaman təmənnasız olaraq həmin xəstəxanadan istifadə edirdilər. Futbolçuların anadangəlmə xəstəlikləri də var idi. Məsələn, uşağın burnunda ət var idi. Bunun əməliyyatını belə üzərimizə götürürdük. Daha sonra xərclərin böyüdüyünü görüb özümüz müalicə bərpa mərkəzi açmışdıq ki, bütün uşaqların sağlamlığı yüksək səviyyədə təmin olunsun".
Emin Şəmsiyev
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.