Argentina millisinin və "Tottenhem"in müdafiəçisi Kristian Romero DÇ-2022-nin finalında Lionel Messinin vurduğu qolu bayram edərkən niyə rəqib komandanın hücumçusu Kilian Mbappenin üstünə qışqırdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Romero "DSports Radio"nun efirində belə danışıb:
"Bunadək Mabppe komanda yoldaşım Entso Fernandeslə dialoqa girmiş və onunla çox acı danışmışdı. Bəli, onun düz üzünə qışqırdım. Entsoya qarşı pis rəftarı xoşuma gəlmədiyi üçün Messinin vurduğu qolu məhz bu şəkildə qeyd etdim.
Finala hər gün baxıram. Həmişə Fransa yığmasına qarşı oynamaq istəmişəm. Çünki bu rəqib son dünya çempionu idi. Hansı bacarığa sahib olduqlarını bilirdik. Oyun çox çətin alındı".
Xatırladaq ki, Argentina və Fransa seçmələri arasında keçirilən həlledici qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Tərəflər əlavə vaxtda da hərəyə 1 qol vurduqları üçün finalın taleyini oyunsonrası penaltilər müəyyənləşdirib. Daha dəqiq olan Argentina seçməsi (4:2) tarixində 3-cü dəfə dünya çempionu tituluna yiyələnib.
Nihat