
Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki matça çıxacaq. Ayxan Abbasovun çalışdırdığı kollektiv DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, 16-da isə Fransanı qəbul edəcək. Millinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb İslandiya ilə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi həm İslandiya, həm də Fransaya qarşı ağır oyunlar gözləyir. Milli hər iki matça öz azarkeşləri önündə çıxacaq. İslandiyadan səfərdə aldığımız 0:5 hesablı yenilgidən sonra Fernandu Santuş istefaya göndərilib və onun yerinə Ayxan Abbasov gətirilib. İstər Ukrayna ilə Bakıda 1:1 hesablı heç-heçə etdiyimiz matçda, istərsə də Fransa və Ukraynaya qonaq qismində uduzduğumuz oyunlarda meydanda daha mübariz, daha istəkli milli gördük. İnanıram ki, sabahkı oyunda da həmin ruhu, həmin mübarizəni görəcəyik. Düzdür, İslandiya heç də zəif komanda deyil və bizə 3 xal gözüylə baxır. Məlum məsələdir ki, rəqibin heyətində yetərincə keyfiyyətli, top liqalarda çıxış edən futbolçular var. Bütün bunlara rəğmən, millimizin azarkeş dəstəyi fonunda inamlı çıxışla yadda qalacağını düşünürəm. Doğrudur, Premyer Liqamızda legioner limiti ləğv edildiyinə görə bəzi milli üzvləri öz klublarında çox oynamırlar. Limitin ləğvi oyunçu seçimini də çətinləşdirib. Ancaq yenə də əsas olan inanmaq və döyüşməkdir. Komandamızdan əzmkarlıq, əsl mübarizə gözləyirəm. İslandiya ilə oyunda yaxşı nəticə qazansaq, bu, Fransaya qarşı görüşə də təsir edəcək və futbol ictimaiyyətini gələcəklə bağlı ümidləndirəcək".
Nihat