
DÇ-2026-nın seçmə mərhələsi çərçiəsində dünən son oyununu öz meydanında Fransa seçməsinə qarşı keçirən və 1:3 hesabı ilə uduzan Azərbaycan yığması tsikli 1 xalla başa vurdu. Millimizin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb təmsilçimizin çıxışını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bir neçə əsas heyət üzvünün Fransaya qarşı oyunda milliyə kömək edə bilmədiyini də nəzərə alsaq, uduzacağımız gözlənilən idi. Əlbəttə, rəqib də artıq dünya çempionatına vəsiqəni təmin etmişdi və belə desək, millimizlə matçda daha çox az oynayan futbolçuları sınaqdan keçirirdi. Bacardığımız budur. Uşaqlar döyüşdülər, sonadək mübarizə aparmağa çalışdılar. Amma səviyyə fərqi müqayisəyəgəlməz dərəcədə böyükdür. Fransa dünya nəhəngidir. 1:3 normal hesabdır.
Baş məşqçi Ayxan Abbasova şans verilməlidir. Azərbaycanlı məşqçi mümkün olanın ən yaxşısını etməyə çalışır. Onun gəlişindən sonra ən azı bütün futbolçular əzmkarlıq göstərirlər. Gənclərə şans verir. Futbolda qısa müddətdə ciddi inkişafa nail olmaq çətin məsələdir. Gələcəkdə daha yaxşı milli görmək istəyiriksə, uşaq futboluna, aşağı yaş qrupları üzrə yığmalara diqqəti artırmalıyıq. U-17, U-19, U-20 millilərinin yeni səviyyəyə çatdırılması çox önəmli məsələdir. Bu, yalnız AFFA-nın görəcəyi iş deyil. Klublar da uşaq futbolu ilə bağlı "artırmalıdırlar". Özülü möhkəm olmayan bina heç vaxt etibarlı ola bilməz. Həmin özül də aşağı yaş qrupları üzrə yığmalardır".
Nihat