
Dünya çempionatında Meksika ilə qarşılaşacaq İngiltərə milli komandası rəqib amili ilə yanaşı, kənar təsirləri də minimuma endirmək üçün qeyri-adi təhlükəsizlik və hazırlıq tədbirlərinə əl atıb.
Fanat.Az "GB News" telekanalına istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxel Ekvador yığmasının daha əvvəl yaşadığı gecə yarısı azarkeş iğtişaşları və səs-küyü ilə üzləşməmək üçün İngiltərənin qalacağı otelin adını və yerini rəsmi olaraq gizli saxlayır.
Konqo üzərində qazanılan qələbədən sonra Kanzas Sitidəki bazasına qayıdan "Üç şirlər", Meksikadakı oyun yerinə matçdan cəmi iki gün əvvəl yollanacaq. Futbolçuların yuxu rejimini və istirahətini maksimum dərəcədə qorumaq məqsədilə otel otaqlarında ağ səs (white noise) cihazlarından və təbii yuxu vasitələrindən istifadə olunacaq.
Lakin ingilislərin hazırlıq görə bilmədiyi yeganə amil dəniz səviyyəsindən 2200 metrdən çox yüksəklikdə yerləşən tarixi "Asteka" stadionunun coğrafi iqlimidir. Baş məşqçi Tomas Tuhel məsələ ilə bağlı verdiyi açıqlamada, cəmi dörd gün ərzində bu cür yüksəkliyə uyğunlaşmağın qeyri-mümkün olduğunu və bunun Meksika üçün çox böyük üstünlük yaratdığını etiraf edib.
Kamil Xudiyev