"Çoxunuzun bildiyi kimi, ötən ay Azərbaycanın gənclər və idman naziri təyin olundum. Hamınızdan aldığım isti mesajlara və arzulara görə çox minnətdaram. Düşünürəm ki, üzvlərindən birinin idman naziri olması gimnastika ailəmiz üçün yaxşı stimuldur. Bunu idmanımızı həm milli, həm də beynəlxalq miqyasda inkişaf etdirmək və populyarlaşdırmaq üçün gördüyümüz birgə işin sübutu olaraq görürəm".
Fanat.Az xəbər verir ki, bu sözlər Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.
O, şəxsi "Facebook" səhifəsi üzərindən paylaşımında bu vəzifəyə təyinatının Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizədliyinə mane olmayacağını bildirib: "Seçki kampaniyamın sürətlə davam etdiyini bildirməkdən məmnunam. Nazir təyin olunduğum gündən Avropa Gimnastikasının prezidenti kimi vəzifəmi yerinə yetirməyə davam edirəm. Bütün görüşlərə qatılır, gimnastika üzrə çempionatlarda və yarışlarında iştirak edirəm. FIG seçkilərində qalib gəlsəm belə, bu, dəyişməyəcək. Bildiyimiz kimi, Avropa Gimnastikası və ya FIG-in prezidentinin və ya İcraiyyə Komitəsinin üzvünün işi könüllü prinsiplərə əsaslanır və hamımızın sahib olduğumuz daimi işdən asılı olmamalıdır".
F.Qayıbovun sözlərinə görə, onun hazırkı statusu gimnastikaya yalnız müsbət təsir edə bilər: "İdmanımızın xeyri naminə üzərimə düşəni etməkdə, gimnastikanın inkişafı üçün siyasət və strategiyalar hazırlamaqda, doğru tərəfdaşları cəlb etməkdə və üzv federasiyaların çiçəklənməsinə töhfə verən yeni vasitələr tapmaqda qərarlıyam. İdeyalarımızı birləşdirsək və gəmimizi birlikdə idarə etsək, istədiyimiz hər şeyə nail ola bilərik".