“Ludoqorets”in “Qarabağ”a 2:7 hesabı ilə uduzduğu oyun Bolqarıstanın futbol tarixinə Avropa turnirlərində qeydə alınan antirekord kimi düşüb.
Fanat.Az xəbər verir ki, indiyədək heç bir Bolqarıstan təmsilçisi doğma meydanda keçirdiyi oyunda öz qapısından 7 top buraxmamışdı.
Bu baxımdan ən pis nəticə 1977-ci ildə "Anderlext"ə 1:6 hesabı ilə məğlub olan "Lokomotiv"in (Sofiya) ayağında idi. Ev məğlubiyyətləri arasında 1988-ci ildə UEFA Kubokunda "Partizan"a 0:5 hesabı ilə uduzan "Slaviya" və 1998-ci ildə "Spartak"a (Moskva) qarşı eyni məğlubiyyəti qeydə alan "Liteks"ə aid idi.
Bununla belə, son məğlubiyyət Avropada “Ludoqorets” üçün ən pisi deyil. Ötən avrokubok mövsümündə, konkret, Konfrans Liqasının qrup mərhələsində komanda Danimarkan "Nordşeland"ına səfərdə 1:7 hesabı ilə məğlub olmuşdu. "Ludoqorets" həmçinin iki dəfə 0:6 hesabı ilə uduzub - 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında müvafiq olaraq "Arsenal" və "Espanyol"a. Bolqarıstan komandalarının Avropadakı ən böyük hesablı məğlubiyyəti isə 2000-ci ildə "İntertoto" turnirində Çexiya "Siqma" kollektivinə 0:8 hesabı ilə uduzan "Velbujd"un ayağındadır.
Mirağa