
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.
Görüş zamanı o, komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib. Nazir komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.
Ceyhun Bayramovun "Napoli" - "Qarabağ" qarşılaşmasını izləməsi barədə Azərbaycan XİN-in, həmçinin nazirin özünün "X" sosial media hesabında da paylaşım edilib.
"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.