
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS ilə qarşılaşan "Sabah"ın Uelsdəki görüşünün yayımı ilə bağlı yeni xəbər var.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qarşı tərəfin böyük məbləğ tələb etməsi səbəbindən yayımı sual altına düşən səfər matçı Azərbaycanda göstəriləcək.
Belə ki, "CBC Sport" problemi yoluna qoya bilib. Danışıqlar son ana qədər davam etdirilib və "Sabah"ın da müdaxiləsindən sonra uelslilərlə razılıq əldə etmək mümkün olub.
Yeri gəlmişkən, UEFA Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ"ın "Vestri" ilə İslandiyadakı oyununun yayımı ilə bağlı danışıqlar hazırda davam etdirilir. "CBC Sport" səfər oyununun yayımını həll etməyə yaxındır.
Xatırladaq ki, TNS - "Sabah" matçı bu gün, 14 iyulda keçiriləcək. Osvestri şəhərindəki "Park Hall" stadionunda baş tutacaq qarşılaşma 21:30-da start götürəcək.
Mərhələni adlayacaq komanda növbəti raundda "Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Mirağa