
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS" ilə üz-üzə gələn "Sabah" minimal hesablı qələbə qazandı. Ölkə təmsilçisi evdə Finlandiya çempionunu 1:0 hesabı ilə yendi.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın oyunu ilə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az həmin açıqlaması belə oldu:
"Oyun haqqında qısa danışası olsam, hesab edirəm ki, 90 dəqiqə ərzində yaxşı hücum edən, aqressiv bir "Sabah" gördük. Həddindən artıq qol imkanları ilə yadda qalan oyun izlədik. Təəssüf ki, təmsilçimiz qol imkanlarını boşa verdi. Səbəblərini deyə bilmərəm. Kimsə bunu konsentrasiya pozuntusu və ya çempionatın əvvəli, tam dinamikada olmamağımızla izah edə bilər. Amma qol imkanları o qədər yüz faizlik idi ki, istər yorğun ol, istər dinamikada olma, istərsə də birinci məşqə çıx, bu səviyyədə komandalar belə imkanları gərək yerinə yetirsinlər. Yəni bu qədər əziyyət çəkib, epizod yaratmaq asan məsələ deyil. Ən azından məşqçi prizmasından məsələyə baxsaq, insafən, xətlər arasında açılmalar, yaradılan imkanlar müsbət haldır. Amma qapının ağzından göyə vurmaq və yaxud da "çərçivə"yə düşməmək, düzü, bunu yalnız bəxtsizliklə əlaqələndirə bilərəm. Həmin gün bəlkə də hücumçuların günü deyildi. Amma oyunun sonuna yaxın bu qədər aqressiv oynaya-oynaya, rəqibə də bir təkbətək imkanı verdik. Bəli, burada da bizim bəxtimiz gətirdi.
Hesab edirəm ki, çox yaxşı bir oyun nümayiş etdirdilər. Sadəcə, hesab oyuna görə deyildi. Məncə, bu görüş minimum 3:0 bitməli idi.
Mənə elə gəlir ki, cavab oyununda bizim üçün Bakıdakından daha çətin olacaq. 1:0-lıq qələbə hələ heç bir şey demək deyil. Ona görə "Sabah" oradakı oyuna daha yaxşı, diqqətli hazırlaşmalıdır. Hər halda, ilk oyunda biz bütün komponentlərdə rəqibimizdən üstün oynamağı bacardıq".
Əlisahib İbrahimli