
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb.
Fanat.Az xəbər verir ki, klub bilet satışı ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələdiyini bildirib.
Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir. Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirik.
Klubun məqsədlərindən biri “Sabah” azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır. Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.
Bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.
Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanları da mövcuddur. “Sabah”ın bu tarixi mərhələsinə tərəfdaş kimi qoşulmaq istəyən şirkətləri klubumuzla əlaqə saxlamağa dəvət edirik.
Bilet satışı davam edir. Satışla bağlı yeniliklər klubun rəsmi kanallarında paylaşılacaq.