UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq "Araz”ın Latviyaya səfər marşurutu, həmçinin komandanın yola düşəcəyi tarix müəyyənləşib.
Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqovun Fanat.Az-a verdiyi məlumata görə, təmsilçimiz F qrupuna ev sahibliyi edəcək Latviyaya avqustun 19-da yola düşəcək:
"İlk oyunumuz avqustun 21-də baş tutacaq. Ona görə də səfərə 19-da yollanacağıq ki, Latviyada iki məşq edə bilək. Latviyaya Bakı-İstanbul-Riqa reysi ilə yollanacağıq. Böyük futboldan fərqli olaraq, futzal klubları üçün mütləq çarter reysindən istifadə etmək tələbi yoxdur. Odur ki, ora adi reyslə yollanacağıq. Hələlik qarşıda duran əsas məsələ heyətin tam komplektləşdirilməsi, iştirak ərizəsinin hazırlanmasıdır. Yeni transferlərimizi bu həftə tamamlamağa çalışacağıq. Bundan sonra siyahını UEFA-ya təqdim edəcəyik”.
Qeyd edək ki, "Araz” ÇL-in ilkin mərhələsində "Kampuksen Dinamo” (Finlandiya), "Raba” (Latviya) və "Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Komandamız ilk oyununu avqustun 21-də Cəbəllütariq təmsilçisinə qarşı keçirəcək. Açılış oyunu Salaspils şəhərindəki İdman Kompleksində baş tutacaq və saat 16:00-da start götürəcək.
Mirağa